Mövsümə 1 qələbə və 1 məğlubiyyətlə başlayan “Trabzonspor” “Reyncers”in hücumçusu Kris Boydu heyətinə qatmaq istəyir. Belə ki, Qara dəniz təmsilçisi 25 yaşlı futbolçu üçün qarşı tərəfə 1,5 milyon funt-sterlinq ödəməyə razılıq versə də, Qlazqo təmsilçisi onu 2 milyon funtdan ucuz satmayacaqlarını açıqlayıb. Türkiyə mətbuatında yer alan xəbərə görə, Boyd “Trabzonspor”dan həftəyə maaş kimi 50 min funt-sterlinq tələb edib ki, bu da ilə 2,5 milyon funt deməkdir. “Reyncers”lə 2010-cu ilə qədər müqaviləsi olan Boyd 2008/09 mövsümündə Şotlandiya çempionatında 35 oyunda 27 qol vurub. O, həmçinin 15 dəfə Şotlandiya millisinin formasını geyinib və rəqib qapılarından 7 top keçirib.
“Biz Batuhanı istədik, amma...”
“Radyospor”da canlı yayıma qatılan “Trabzonspor”un icraçı direktoru Hasan Yener “Beşiktaş”ın hücumçusu Batuhan Karadənizi heyətlərinə qatmaq üçün çox əmək sərf etdiklərini bildirib. Klub rəsmisinin sözlərinə görə, 19 yaşlı futbolçu bu keçidə razılıq versə də, “Beşiktaş” sövdələşmənin əleyhinə olub: “Yeni mövsümün planlarını hazırlayanda bizim transfer siyahımızda Batuhanın adı birinci sırada idi. Hətta onun üçün “Beşiktaş”a ilk rəsmi təklifi də biz göndərmişdik. Gənc futbolçunu icarəyə götürməyin də əleyhinə deyildik. Amma İstanbul klubu bunu istəmədi”.
Yeri gəlmişkən, “Qaziantepspor”a icarəyə verilsə də, bu keçiddən imtina edən Batuhan itkin düşüb. Superliqada 2 tur artıq geridə qalsa da, adıçəkilən futbolçu hələ heç bir klubun düşərgəsində deyil. “Beşiktaş”ın rəhbərliyi ilə əlaqə saxlamayan forvardın ciddi cəza alacağı gözlənilir.