Turnir möhtəşəmdir
11.01.10
- Burkina Faso milli yığma komandasının şərəfini Afrika millətlər kubokunda qorumaq üçün Anqolaya yollanan Muğan Futbol Klubunun yarımmüdafiəçisi Narsis Yameoqo srağagün Kot d'Ivuar yığmasına qarşı keçirilmiş matçda yer aldı və komandasına 62 dəqiqə kömək edə bildi. Həmin görüş ölkəmizdə top qovan legionerlərin qitə çempionatlarının final mərhələsində meydana çıxdığı ilk matç olub və Azərbaycan futbolu tarixinə düşüb.Oyun barədə təəsüratlarını bölüşmək üçün Narsislə telefon əlaqəsi yaratdıq və təcrübəli futbolçu son matç haqqında fikirlərini qısa şəkildə bizimlə bölüşdü:
Turnir haqda fikirləriniz:
- Turnir möhtəşəmdir. Həqiqətən də təşkilatçılıq çox yüksək səviyyədədir. Bu turnir bizim üçün çox böyük önəm daşıyır. Dünya çempionatı seçmə mərhələlərindəki çıxışımızı izlədiniz. İstədiyimizə tam olaraq nail ola bilməsək belə çox baxımlı oyun nümayiş etdirdik.
Bu yarışda da rəqibimiz Kot d'Ivuar millisi idi. Bu matçda milli komandamız qələbə üçün əlindən gələni etdi lakin Kot d'Ivuar
yığmasının son çıxışlarında göstərdiyi nəticələri nəzərə alsaq deyə bilərik ki,nəticə həqiqətən də qənaətbəxşdir. Rəqib güclü olmasına baxmayaraq bizim də kifayət qədər qol epizodlarımız oldu lakin bu futboldur, nəticə daha önəmlidir.
Növbəti qarşılaşmalar haqda nə deyə bilərsiniz?
- Rəqabət həqiqətən güсlüdür. Bütün komandaların məqsədi birdir: xal qazanmaq, turniri qalib olaraq tamamlamaq. Biz çalışırıq ki xal itirməyək və turniri qalib olaraq tamamlayaq lakin nəticələri gələcək göstərəcək. Bildiyiniz kimi komandaların heyyətində avropanın məhşur klublarını təmsil edən futbolçular çıxış edir. Oyun zamanı onlara qarşı mücadilə aparmaq özü böyük bir sınaqdır.
Lakin mən yığmanın oyunlarında əsas heyyətdə yer aldığımdan bu cür sınaqlarla tez-tez qarşılaşıram və ölkəmi beynəlxalq yarışlarda layiqincə təmsil edirəm.
Son matçdakı çıxışınız ölkəmizdə futbol ictimaiyyəti tərəfindən izlənildi və mətbuatda ətraflı işıqlandırıldı. Bu barədə nə demək istərdiniz?
Bu məni sevindirir. Turnirdə futbolçular doğma ölkələrinin şərəfini qorumaqla yanaşı çıxış etdikləri klubları da təmsil edir. Mənim üçün Muğanı bu cür yüksək səviyyəli turnirdə təmsil etmək böyük fəxrdir. Düşünürəm ki, yeni dövrədə Muğan komandasının uğuru üçün lazımı köməkliyi göstərə biləcəyəm.










